"İdmançılarımız daha məsuliyyətli olmalıdırlar" İDARƏ RƏİSİ AÇIQLADI

 

 

"Dəfələrlə həm Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən, həm də idman ictimaiyyəti, federasiya və kulublardan daxil olan müraciətlərə əsasən aidiyyatı dövlət qurumları da idman zallarının açılması ilə bağlı Operativ Qərargaha müraciət edilirdi". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, epidemioloji vəziyyətin yaxşılaşdırılması, yoluxma sayının azalması, kütləvi vaksinasiya bir sıra yumşalmalara getməyimizə əsas verirdi: "Cari ilin iyun ayının 10-dan idman zallarının fəaliyyətinin bərpası cəmiyyətdəki idman sevərləri sağlam həyat tərzi ilə rahat məşğul olmasına böyük şərait yaradacaq. Bununla bərabər idmançıların mühüm fiziki hazırlığının və çəki dərəcəsinin normada, fiziki durumunun stabil saxlanılmasında da əhəmiyyətli rola malik olacaq".

Raqif Abbasov həmçinin qeyd edib ki, idman zalları və onların fəaliyyəti idman sahəsindəki kiçik sahibkarlığa da dəstəkdir: "Burada çalışan insanların treynerlərin, məşqçi müəllimlərinin, eyni zamanda texniki heyətin işinin tam bərpası deməkdir. Bunların cəmi müsbət nəticələr verəcək. Amma bunlarla yanaşı mütləq şəkildə yenə də özünün qorunması, TƏBİB-in Operativ Qərargahın tövsiyələrinə riayət edilməsi və vaksin olunmuş şəxslərdən aidiyyatı sənədin tələb olunması, tez-tez sağlamlıq və gigiyenik normalara riayət edilməsi həmin idman zallarının rəhbərliyi tərəfindən mütləq şəkildə xüsusi olaraq riayət edilməsi xahiş edilir. Düşünürük ki, koronavirusla bağlı epidemioloji vəziyyət tam normallaşmağa doğru getdikcə kütləvi idman yarışlarının da təşkili, qapalı idman zallarında idmanın da bərpası mümkün olacaq".

2021-05-26 / 20:42
Facebook