Şəhidlərimizin xatirəsinə həsr edilən şahmat turnirlərinin qalibləri müəyyənləşib

 

 

Ötən ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyevin və Vətən müharibəsi şəhidi baş leytenant İlkin Məmmədzadənin xatirəsinə həsr olunan onlayn şahmat turnirlərinin qaliblərinin mayın 18-də mükafatlandırılması mərasimi keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) keçirilən tədbirdə şəhid polkovnik İlqar Mirzəyevin qardaşı Rafael Əsədulov, şəhid İlkin Məmmədzadənin anası Fatma Məmmədova, Baş İdarənin rəisi Raqif Abbasov, İctimai Radionun direktoru, “Breyn Rinq” layihəsinin aparıcısı DJ Fateh və turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

R.Abbasov mərasimdə çıxış edərək Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğullar böyütdükləri üçün şəhidlərin ailələrinə minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin və turnirlərin keçiriləcəyini deyib.

İctimai Radionun direktoru DJ Fateh bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu otuz il işğal altında qalan torpaqlarımızı cəmi 44 gündə azad edərək düşmənə sarsıdıcı zərbə vurdu. Xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi yazan Ordumuzun cəsur hərbçilərinin fədakarlığı, şəhidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Belə yarışların əsas məqsədi Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yad olunması, onların yeniyetmə və gənclərə tanıdılmasıdır. Şəhidlərimizin xatirəsinə həsr olunmuş onlayn şahmat turnirində iştirak edən hər bir uşaq burada qazandığı uğurla daim fəxr edəcək.

Şəhidlərin ailə üzvləri Vətən uğrunda canından keçən igid qəhrəmanlarımızın xatirəsinə daim yüksək ehtiramın göstərildiyini vurğulayıb, idmançılara uğurlar arzulayıblar.

Sonra qaliblərin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.

2021-05-19 / 19:00
Facebook