Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko

 

 

No description available.

Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib.

Bunu rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, Heydər Əliyev sovet vaxtı da SSRİ-nin görkəmli dövlət xadimlərindən olub.

Ekspertin sözlərinə görə, post-sovet dövründə Heydər Əliyev sözün əsl mənasında Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib:

"Əvvəlcə hakimiyyəti ələ keçirmiş Xalq cəbhəsi tamamilə destruktiv siyasət yürütdü və yalnız Heydər Əliyev kimi nəhəng dövlət liderinin hakimiyyətə gəlməsi dövlətçiliyi qorumağa, inkişaf və irəliləyiş yoluna qədəm qoymağa imkan verdi".

İ.Korotçenko vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanda deyil, həm də Rusiyada sevilən ümummilli liderdir və Azərbaycanın bəxti gətirib ki, rəhbərliyə Heydər Əliyev kimi şəxsiyyət gəlib:

"Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev çox layiqli siyasətçidir. Ümumiyyətlə, Azərbaycan post-sovet məkanında ən şanslı ölkədir, çünki buraya bu cür liderlər rəhbərlik edib və etməkdədir. Bu, rifahın, çiçəklənmənin və irəli addımlamağın əsasıdır. Prezident İlham Əliyev öz atasının vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib, erməni işğalçılar qovulub. Azərbaycanın beynəlxalq zəfəri sözsüz ki, dahi atasının vəsiyyətini yerinə yetirmiş Prezident İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır".

Ekspert əlavə edib ki, məhz Heydər Əliyev bu gün Azərbaycanla Rusiyanı birləşdirən dostluğun əsasını qoyub:

"Biz Heydər Əliyevlə Vladimir Putinin şəxsi təmaslarını yaxşı xatırlayırıq. Biz xatırlayırıq ki, Azərbaycan hər zaman Rusiya üçün etibarlı arxa cəbhə olub, 90-cı illərin sonu - 2000-ci illərin əvvəlində, Şimali Qafqazda mürəkkəb vəziyyət hökm sürərkən Azərbaycan ərazisindən heç bir təhdid mövcud olmayıb. Biz görürük ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bu da Azərbaycanın beynəlxalq siyasətinin nüfuzunun göstəricisidir".

2021-05-10 / 15:41
Facebook