Azərbaycan Fransanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş müharibə cinayətlərinə və həmçinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərə dair həqiqətlərin bərpa olunmasına yardımçı olmağa çağırır.
Bu barədə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin mətbuat üçün açıqlamasında bildirirlir.
Açıqlamada həmçinin Azərbaycan Fransanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyini araşdırmaq üçün Ermənistana kömək göstərməyə dəvət edir.
Sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanması məsələsinə də toxunulur və bunun iki ölkə arasında sülhün bərpa olunması və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmaları üçün əngəl olduğu vurğulanır. Fransa tərəfi minalanmış ərazilərin xəritələrini Ermənistandan tələb etməyə dəvət edilir.
Açıqlamada Kəlbəcər rayonunun Başlıbel kəndində Ermənistan ordusu tərəfindən 1993-cü ilin aprel ayında törədilmiş cinayətlər və bunun nəticəsində qətlə yetirilən Azərbaycan vətəndaşlarının sayı haqqında ətraflı məlumat verilir və bu cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyi göstərilir. Bu məsələdə də Azərbaycanın Fransanın yaxından iştirakına ümid bəslədiyi bildirilir.