“Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək”.
Bunu Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlət başmısı qeyd edib ki, yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib: “Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib”.
Azərbaycan Prezidentinin sözlərinə görə, bununla paralel olaraq, əsas infrastruktur layihələrinə start verilib: “Bu haqda mən dəfələrlə Azərbaycan ictimaiyyətini məlumatlandırmışam. Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib.
Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir”.