Ermənistan Cəbrayıl rayonunun Əmirvarlı kəndində 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib. Diametri 2,7 metr olan ağac həm də ziyarətgah olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, ermənilər ağacı kökündən məhv edərək yandırıblar: "Lakin, ağacın kötüyü yenidən pöhrə verərək yetişməyə başlayıb: "Ağacın kökündən 15 pöhrə çıxıb. Şərq çinarı Qarabağ bölgəsi üçün xarakterik növlərdəndir. Bu növ ağac dünyada çox az yerdə yetişir. Cəbrayıl rayonunda 13 ədəd Şərq çinarı olub. Bu ağac təbiət abidəsi kimi qeydə alınıb və qorunurdu. Ağac Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il tarixli 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Ağacın pöhrələri son 15 ildə böyüyüb. Ermənilər həmin pöhrələri də məhv etmək, yandırmaq istəyiblər".
M.Nəbiyev bildirib ki, Cəbrayıl rayonunda bu ağacdan başqa daha 9 Şərq çinarı var: "Onların arasında 1600 yaşlı, 800 santimetr diametrli ağaclar da var. Nazirlik tərəfindən aparılmış son monitorinqlər göstərir ki, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həmin siyahıya daxil edilmiş 45 Şərq çinarının hamısı ermənilər tərəfindən kəsilib, kökü isə yandırılaraq məhv edilib".