Əvvəllər koronavirusun yalan olduğu, indi də peyvənd barədə şayiələr yayılır - Rəşad Mahmudov

 

 

Rəşad Mahmudov: İnsanlarımızı vaksinasiyaya ciddi yanaşmağa dəvət edirəm -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pandemiya ilə birlikdə bir həqiqəti də öyrənmiş olduq ki, əsası olmayan və sübuta yetirilməyən məlumatların daha sürətlə yayılması kimi bir problemlə dünya üz-üzədir.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O qeyd edib ki, bu kimi informasiyalar insanlar və ölkələr arasında ciddi çaşqınlıqlar yaradır:

"Eləcə də vaksindən əvvəl insanlarda bu xəstəliyin qəbul edilməsi ilə bağlı problemlər var idi. Peyvənd tapılandan sonra isə peyvənd barədə şübhələr yarandı, son günlərdə də bir neçə ayrı-ayrı peyvənd, o cümlədən "AstraZeneca"ya qarşı həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır".

R Mahmudov bildirib ki, hər bir dövlət və mütəxəssislər bu sahə üzrə tədqiqat mərkəzlərinin, institutların və ÜST-ün verdiyi tövsiyələrə uyğun hərəkət edir:

"Onun xaricində atılan addımlar heç də peşəkarlığı əks etdirməyəcək. "AstraZeneca" peyvəndi ilə bağlı suallara ÜST geniş şəkildə cavab verib. Qeyd olunub ki, bu preparatla qan laxtalanması arasında sübuta yetirilmiş heç bir nəticə yoxdur. Bu barədə tək Azərbaycana deyil, bütün ölkələrə məlumat verilib. Ancaq Azərbaycan bu məsələdə ehtiyatlı davranaraq, təhlükəsizliyin təmin edilməsi üçün lazım olan addımları atır. Həmçinin vətəndaşlar bilməlidir ki, hazırda Azərbaycanda kifayət qədər Çindən alınan vaksin var və bu gün vaksinasiya prosesində "AstraZeneca"nın vurulmasına başlanılmayıb. Bununla belə bilmək lazımdır ki, Böyük Britaniyada böyük bir kütləyə "AstraZeneca" vaksini vurulub və vaksinasiyanın müsbət nəticələrinə görə, Böyük Britaniya öndə gedən ölkələr sırasındadır".

2021-04-08 / 14:55
Facebook