Rəşad Mahmudov: "ÜST "AstraZeneca" ilə tromboz arasında əlaqə ilə bağlı sorğularımıza aydınlıq gətirib"

 

 

Rəşad Mahmudov: İnsanlarımızı vaksinasiyaya ciddi yanaşmağa dəvət edirəm -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əfsuslar olsun ki, pandemiya ərzində dünyada əsası olmayan və sübuta yetirilməmiş məlumatların tirajlanması cəmiyyətlər arasında ciddi şəkildə çaşqınlıq yaradıb və bu, hələ də davam etməkdədir”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, son günlər “AstraZeneca” peyvəndi ilə tromboz arasında əlaqənin olduğunu göstərən bir çox fikirlərin səslənməsi dünyada, eləcə də ölkəmizdə insanlar arasında bəzi sualların yaranmasına səbəb olub: “Diqqətinizə çatdırmaq istəyirəm ki, “AstraZeneca” peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş 3 peyvənddən biridir və aylar əvvəl Avropa ölkələri, başda İngiltərə olmaqla bu peyvənddən istifadə edir. Bu günə qədər hər nə qədər insanlarda şübhələr olsa da, aparılan elmi tədqiqatlar, eləcə də ekspert araşdırmaları nəticəsində qətiyyətlə peyvəndlə tromboz arasında hər hansı əlaqənin olduğu bildirilməyib. Bunu nəzərə alan ÜST bu məsələ ilə əlaqədar dəfələrlə onlara yönəltdiyimiz sorğularımıza aydınlıq gətirib. ÜST tərəfindən, sadəcə, ölkəmizdə deyil, dünyanın hər yerində “AstraZeneca” peyvəndindən istifadə tövsiyə edilib, eləcə də dünyanın hər yerində bu peyvənddən istifadə davam etməkdədir”.

Millət vəkilinin sözlərinə görə, COVAX platforması çərçivəsində Azərbaycana 400 min dozadan çox “AstraZeneca” peyvəndi ayrılıb: “Artıq ilk partiya gətirilsə də, hələlik ölkədə yalnız Çində istehsal olunan peyvənd istifadə edilir. Hələlik “AstraZeneca” peyvəndindən istifadəyə başlanılmayıb. Uzun müddət də “CoronaVac” peyvəndinin istifadə olunması üçün kifayət qədər rezervimiz var”.

Rəşad Mahmudov vurğulayıb ki, ölkəmiz tərəfindən hər zaman olduğu kimi, bundan sonra da istənilən şübhəli məqam aidiyyəti qurumların, yerli və beynəlxalq ekspertlərin rəylərinə əsasən ən dərin araşdırmalar aparıldıqdan sonra tətbiq olunacaq: “Azərbaycan cəmiyyəti əmin olmalıdır ki, dövlətimiz hər bir vətəndaşın sağlamlığını düşünür, eləcə də pandemiyanın bu günə qədər vermiş olduğu iqtisadi və digər zədələrin artmaması üçün zamanında addımlar atır. Bu addımlardan ən effektivi kütləvi şəkildə peyvəndləmə prosesinin aparılmasıdır. Ölkəmiz bu mübarizədə də digər məsələlərdə olduğu kimi, lider olmağa çalışır. Bunun üçün əlindən gələni əsirgəməyərək bu məsələdə də doğru və lazımi addımları atacaq”.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin vaksininin (“Vaxzevria”) tromboz yaratdığını açıqlayıb.

ÜST-ün Standartlar və İlkin Seçim Departamentinin direktoru Roxerio Pinto de Sa Qaspar isə bildirib ki, "AstraZeneca" peyvəndi ilə tromboz arasında əlaqə müəyyən edilməyib.

2021-04-07 / 11:16
Facebook