“Azərbaycan Vətən müharibəsi dövründə İsrail cəmiyyətinin səmimi dəstəyini gördü”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin “Israel Hayom” nəşrinə müsahibəsində deyib.
O, Ermənistanın müharibə zonasından uzaqda yerləşən Gəncə şəhərini bombalamasından sonra hadisə qurbanlarına İsrailin göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiklərini bildirib. C. Bayramov xatırladıb ki, Azərbaycan əsilli israillilər Ermənistanın təcavüzünə etirazlarını nümayiş etdirmək və Azərbaycanla həmrəy olduqlarını ifadə etmək üçün mitinqlər keçiriblər.
Nazirin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqliyə malik silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından (PUA) məharətlə istifadə edilməsi Qələbənin əldə olunmasında vacib rol oynayıb.
“Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da güclənəcək və dərinləşəcək”, - deyə XİN başçısı vurğulayıb.
Bayramov qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra postmüharibə dövrünə qədəm qoyub: “İndi əsas prioritetlərimiz azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin torpaqlarına geri qayıtmasıdır. Reabilitasiya prosesində dost ölkələrin və tərəfdaşlarımızın iştirakını alqışlayırıq. Əlbəttə ki, İsrail şirkətləri də bu prosesə qoşula bilər. İş yükü çox böyükdür. Bura minaların təmizlənməsi, infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd”lərin salınması daxildir, ancaq işlər tək bununla da məhdudlaşmır”.