“2020-ci ildə dünyada 10 mindən çox insan mina və partlamamış hərbi sursatların qurbanına çevrilib”.
Bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist bildirib.
Çaru Bist deyib ki, qurbanların hər 4 nəfərindən biri uşaqlardır: “Ona görə də ölkələr bunu əhəmiyyətli məsələ kimi nəzərə almalıdırlar. Minalar mürəkkəb ərazilərdədir. Biz isə fəaliyyətimizi mina və partlamamış sursatlarla bağlı məlumatlandırmaya yönəltmişik. İkinci istiqamət yerli və beynəlxalq qurumlar arasında əməkdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlığın qurulması mühüm nailiyyətlər əldə etməyə imkan verir. Mina və partlamamış sursatlar təmizlənmədən heç bir cəmiyyət dayanıqlı inkişafa nail ola bilməz”.
BMT İP Rezident nümayəndəsinin müşaviri nəzərə çatdırıb ki, bununla insan həyatları xilas edilir: “Eyni zamanda partlamamış sursat və mina qurbanlarına kömək etməliyik”.
Çaru Bist qeyd edib ki, bu il 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü koronavirus pandemiyası dövrünə təsadüf edir: “Azərbaycanın 1990-cı illərdən BMT-nin dəstəyi ilə minaları təmizləməsi nəticəsində 163 mindən çox köçkünün qaytarılmasına şərait yaradılıb. İki həftə əvvəl yeni sazişə imza atmışıq. Böhranlara Cavab Fondundan 1 milyon dollar yardım ayrılıb. Bu, işçi heyətin xərclərinə və yardımların ayrılmasına yönələcək. Minaları aşkarlayan itlərin təlimi də bura daxildir”.