Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilir.
IDEA İctimai Birliyindən verilən məlumata görə, ölkə miqyasında nəzərdə tutulan fəaliyyət proqramı üzrə Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaq.
İştirakçı qismində seçilən gənclər həmin metodologiya və qaydaların tətbiq olunması üçün təlimlərdə iştirak edəcəklər. Gənclər işğaldan azad olunan ərazilərin real ekoloji vəziyyəti ilə tanış olacaq, müxtəlif vasitələrlə yerli və beynəlxalq ictimaiyyəti törədilən ekosid faktlarına dair məlumatlandırcaqlar.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən bu layihə nəticəsində, gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji durumunun qiymətləndirilməsi aparılacaq.
Bu unikal imkandan yararlanmaq üçün ətraf mühit sahəsində təhsil və təcrübəsi olan gənclər IDEA İctimai Birliyinə müraciət edə bilərlər.
Gənc ekoloqlar aşağıdakı keçidə daxil olmaqla 20 aprel 2021-ci il tarixinədək özləri barədə lazımi məlumatları təqdim edə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdLV_SKVgyzqQBOHLTeBpiUsuEJ29k3tV93bFS5C42ouidPcA/viewform
Müraciətlər əsasında seçilmiş namizədlər daha sonra müsahibədən keçdikləri təqdirdə layihədə iştirak imkanı qazanacaqlar.
Əlavə sual olduqda, , [email protected] elektron poçt ünvanı və ya +99412 497 63 16 əlaqə nömrəsi vasitəsilə IDEA İctimai Birliyinə müraciət edilə bilər.