Mart ayının 19-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.
Çıxışda tədbirin Vətən Müharibəsində xalqımızın haqq mübarizəsinin tarixi zəfərlə başa çatması, şanlı qələbənin coşqusunun yaşandığı dövrə, eləcə də milli-mənəvi irsimizin və ənənələrimizin rəmzi sayılan Novruz bayramı ərəfəsinə təsadüf etməsi xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, o cümlədən Ermənistan Respublikası ilə dövlət sərhədinin azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə qısa müddət ərzində artıq sayca dördüncü hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının azad edilmiş dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi üçün böyük əhəmiyyət kəsb etməsi qeyd olunmuşdur.
Çıxışda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən Azərbaycan sərhədçisinin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apararaq dövlət maraqlarının müdafiəsini təmin etməkdən qürurlandığı, ölkəmizin müqəddəs hüdudlarının toxunulmazlığının təmin edilməsi kimi şərəfli vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminlik bildirilmişdir.
Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri də iştirak etmiş, yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması və Novruz bayramı münasibətilə Azərbaycan sərhədçilərini təbrik etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi fədakar fəaliyyətlərində xidməti müvəffəqiyyətlər arzulamışlar.
Sonra mərasim iştirakçıları sərhəd komendantlığının hərbi qulluqçularının xidməti-döyüş fəaliyyətinin yerinə yetirilməsi üçün yaradılmış şəraitlə tanış olmuşlar.