Azərbaycan Prezidenti: "Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu"

 

 

Azərbaycan Prezidenti: Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu

"2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı deyib.

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər.

Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm", - dövlət başçısı bildirib.

2021-03-04 / 18:50
Facebook