“Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun qarşısında acizliyi fonunda Ermənistan tərəfindən Azərbaycana qarşı, xüsusilə də mülki infrastruktura, mülki insanlara qarşı hücumlar həyata keçirilir”.
Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan tərəfindən Azərbaycana raket hücumları həyata keçirilir:
Bu, Cenevrə Konvensiyasını pozur və münaqişənin miqyasını, coğrafiyasını genişləndirməyə, növbəti siyasi hərbi təxribatlar törətməyə çalışır.
İlkin olaraq Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket və artilleriyadan zərbələr endirilib. Azərbaycan cavab hüququndan və legitim hərbi hədəflərə qarşı hədəflənmiş atəş açıb, bir müddət əvvəl həmin atəş məntəqəsini sıradan çıxararaq neytrallaşdırıb”.
“Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri dünən Ermənistanın Gorus rayonu istiqamətindən raket texnologiyasının, xüsusilə də “Smerç” sistemindən istifadə edərək, Füzuli-Cəbrayıl rayonları istiqamətində mülki obyektlərə atəş açmağa cəhd göstərib. Cocuq Mərcanlı kəndinə atılan “Smerç” raketləri nəticəsində 20-yə yaxın evə ziyan dəyib.
Bu gün Vardenes rayonu ərazisindən “Toçka-U” raketi vasitəsilə Şəmkirə raket atəşi açılıb. Bu atəş nəticəsində mülki struktura dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən açılan bu atəşlə bağlı Azərbaycan Ermənistan ərazisində olan hərbi hədəflərə qarşı tədbirlər görəcək”.