Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir: "Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq".
"Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".