Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 26 il ötür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.
Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı
Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.
Ötən 26 ildə Azərbaycan neft sənayesi hansı inkişaf yolu keçib, nə kimi uğurlara imza atılıb? Gəlin tarixə qısaca da olsa, nəzər yetirək.
1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyulub.
“Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Başqa sözlə, hasilat 5,6 dəfə artıb.
1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında isə həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb.
“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.
2002-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.
Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.
Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. Bu vaxtadək Bakı–Tbilisi–Ceyhan kəməri ilə 3,47 milyard barreldən çox neft nəql olunub və Ceyhan limanında təqribən 4526 tankerə yüklənərək dünya bazarına göndərilib. Cari ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 19 milyon 77,1 min ton neft ötürülüb. Səkkiz ayda BTC ilə 2 milyon 764,7 min ton tranzit nefti də nəql olunub.
Cari il sentyabrın 1-dək isə dünya bazarlarına 579 milyon ton Azərbaycan nefti çıxarılıb. Bunun da 162 milyon tonu Bakı-Supsa, Bakı-Novorossiysk və dəmir yolu ilə, 417 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunub.
Yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 48 milyon dollar, əsaslı xərclərə isə 14 milyon dollar sərf edilib. “BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.
Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına geniş məbləğdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. İndiyədək isə “Azəri-Çıraq-Günəşli” layihəsi hesabına 145,8 milyard dollar gəlir əldə olunub.
SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir.
“Yeni Əsrin müqaviləsi” - maraqların balansı
2017-ci il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.
14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövrü başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin yeni “Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. 2050-ci ilədək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.
Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, “TPAO” 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.
Ötən 26 ildə sazişin icrası uğurla reallaşdırıldı. AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. Bu vaxtadək AÇG-dən hasil edilən 3,8 milyard barrel neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var və yeni Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.
Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat və 947 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 498 min barrel və ya ümumilikdə təqribən 91 milyon barrel, yəni 12 milyon ton olub. İyunun sonuna AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 8 neft hasilat quyusu qazılıb. Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.
Birinci yarımildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verib. İstismara veriləndən bu ilin sentyabrına kimi AÇG yataqlarından SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilib.
İndiyədək “Azəri-Çıraq-Günəşli layihəsinə 43 milyard dollardan çox sərmayə qoyulub, bundan sonra da bir o qədər investisiyanın xərclənməsi nəzərdə tutulur.
Artıq 21-ci ildir ki, AÇG layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Cari il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton mənfəət nefti satılıb ki, bu da həmin vaxtadək çıxarılmış AÇG neftinin 59 faizini təşkil edir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 8 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilmiş 16 milyon ton neftin 12 milyon tonu, yəni 75 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub. Hazırda 26 ildir ki, “Əsrin müqaviləsi” çərçivəsində işlər uğurla davam etdirilir.
Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 145 milyard dollardan çox gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 657 milyon dollar vəsait daxil olub. O cümlədən bu ilin 8 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 232 milyon dollar təşkil edib. 2007-ci ildən indiyədək isə bu rəqəm 3 milyard dolları ötüb.
Ötən 3 ildə Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 1 milyard dollar həcmində ödənişlər həyata keçirilib.
Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən neft XX əsrin ortalarında “Neft Daşları”nda çıxarılıb. Bu o deməkdir ki, Azərbaycanın çox böyük və zəngin ənənələri var. 2017-ci ildə isə ölkəmiz üçün 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs etdi. Kiçik bir ölkədə işlənmənin əvvəlindən iki milyard ton neftin hasil edilməsi həqiqətən də böyük hadisədir.
Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurların əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, payı var. Təsadüfi deyil ki, bunu nəzərə alan ulu öndər Heydər Əliyevin Fərmanına əsasən məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi bayram edilir. Qəhrəman neftçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara Azərbaycan neft-qaz sənayesinin tərəqqisində yeni-yeni uğurlar arzulayırıq.