Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilir ki, bu məqsədlə, Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb. Bu qüsurların aradan qaldırılması məqsədilə, Şirvan ŞMX və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb.
Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-nin baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu zaman, xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-nin tövsiyələrini nəzərə alaraq, yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək.
2020-08-27 / 10:33