"Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən, artıq 4 ildir ki, "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir".
Bunu bu gün keçirilən mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.
O bildirib ki, pandemiya ilə əlaqədar İran və Qazaxıstan dəniz qüvvələri yarışda iştirak etməsələr də, Azərbaycan və Rusiya dəniz qüvvələri müsabiqənin keçirilməsinə qərar verib: "Müsabiqə 6 mərhələdən ibarətdir. Bunlar dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarşı artilleriya atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi, dəniz vərdişləridir".