DYP-dən rayonlara getmək istəyənlərə xəbərdarlıq

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxtdan rayonlara getməyə cəhd göstərən hərəkət iştirakçılarına müraciət edib.
İdarədən daxil olan müraciətdə bildirilib ki, son günlər şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsilə tərk etmək sisteminin avqustun 5-dən ləğv olunması ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan, lakin respublikanın müxtəlif rayonlarında daimi qeydiyyatda olan şəxslər məzuniyyətə çıxmalarını əsas gətirərək bu inzibati ərazilərdən çıxmağa çalışırlar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayona giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması ilə bağlı məhdudiyyətlər qüvvədə olduğu üçün qeydiyyat yerindən asılı olmayaraq həmin inzibati ərazilərdə yaşayan şəxslərin digər şəhər və rayonlara getmələrinə icazə verilmir.

“Bu səbəbdən hərəkət iştirakşılarından xahiş olunur ki, müvafiq ezamiyyə vərəqələri verilmiş və ya “icaze.e-gov.az” portalına barəsində avqustun 5-dən sonra respublikanın digər şəhər və rayonlarına getməsi ilə əlaqədar icazə verilməsi barədə məlumatlar daxil edilmiş şəxslər, habelə müvafiq icazə əsasında yaxın qohumunun dəfnində iştirak etmək halları istisna olmaqla digər şəxslər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan çıxaraq ayrı-ayrı istiqamətlərə getmək məqsədilə yola çıxmasınlar. Çünki bir daha qeyd edirik ki, qeydiyyat yerindən asılı olmayaraq heç kim sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu ərazidən respublikanın digər şəhər və rayonlara buraxılmayacaq və həmin şəxslər xüsusi karantin postlarından geri qaytarılacaqlar, - deyə müraciətdə qeyd olunub.
2020-08-07 / 19:10
Facebook