Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

 

 

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş aksiya zamanı erməni daşnakları tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirilmiş zorakılığı və vəhşiliyi kəskin şəkildə pisləyən bəyanat yayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bəyanatda hadisə haqda ətraflı məlumat verilərək, bunun narahatlıq doğurduğu, yaxın tarixdə Los Ancelesdə ilk dəfə olaraq beynəlxalq münaqişə zəminində bu cür çirkin formada vəhşiliyin həyata keçirildiyi vurğulanır. Bildirilir ki, ermənilər sakit şəkildə aksiya keçirmək əvəzinə günahsız insanlara qarşı nifrət zəminində zorakılıq və vulqarlıq nümayiş etdiriblər. Ermənilərin icma üzvlərimizə məhz azərbaycanlı olduqları üçün hücum etdikləri deyilir və məsələyə ədalətli yanaşmanın vacibliyi diqqətə çatdırılır.

Bəyanatda həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqda danışılaraq, beynəlxalq ictimaiyyətin işğal olunmuş ərazilərimizin Azərbaycanın ərazisi kimi tanımasına baxmayaraq, buna məhəl qoymayan Ermənistanın bu qanunsuz işğalı davam etdirdiyi bildirilir. ABŞ-ın məsələ ilə bağlı mövqeyi qeyd olunaraq, onun Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı diqqətə çatdırılır.

Bu bəyanatı yayan Pakistan Şurası həmçinin öz üzvlərinə müraciət edərək, öz konqresmenləri ilə əlaqə saxlamalarını və erməni daşnaklarının bu zorakılığı haqda onları məlumatlandırmalarını xahiş edib.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu dayanmadan artır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu artıq uzun illərdir buradakı Pakistan icması ilə sıx münasibətlər saxlayır. 2019-cu ildə Pakistan icmasının ən böyük təşkilatı olan sözügedən Pakistan Şurası, dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə, xüsusilə Los Ancelesdə ilk dəfə Azərbaycan, Pakistan və Türk icmaları arasında üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulması sahəsindəki səylərinə görə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif etmişdi.

Baş Konsulluq, 21 iyulda Los Ancelesdə erməni daşnaklarının soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin yerli ictimaiyyət tərəfindən pislənilməsi üçün öz səylərini davam etdirir. Pakistan icmasından öncə Los Ancelesdə yerləşən bir sıra nüfuzlu yəhudi təşkilatları, Vyetnam icması, Türk və digər icmalar da bu zorakılıqları kəskin şəkildə pisləyiblər.

2020-08-05 / 10:29
Facebook