Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar. Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb.
Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.