"Mən bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi".
Bu sözləri Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyib:
Mən də hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət göstərmişəm. Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm tarixə, bizim ortaq, etnik köklərə, həm də bugünkü siyasətə əsaslanır. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərmişlər".