ABŞ Konqresində Ermənistan əleyhinə düzəlişlər qəbul edilib

 

 

ABŞ Konqresində Azərbaycan əleyhinə Daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısı qətiyyətlə alınmış və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilmişdir.
 
Ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstərmişlər.
 
Sözügedən proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürmüşdür.
 
Qeyd edilən düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə, 17 iyul tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin (Committee on Rules) iclası keçirilmişdir.
 
Konqres üzvü Stiv Cohen tərəfindən "Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş (https://amendments-rules.house.gov/amendments/COHEN_102_xml%20revised71420100116116.pdf), habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunmuşdur.
 
Göründüyü kimi, 99 saylı düzəlişdə əsas məqsəd Rusiyanın hərbi bazası olan Ermənistana Konqresdə əlavə təzyiqlərin yaradılmasıdır. 296 saylı düzəlişə (https://amendments-rules.house.gov/amendments/Chabot_FormerUSSR_IDPRept_v271420155103513.pdf) gəldikdə isə, Konqresin Nümayəndələr Palatası Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazilərinin qeyri-qanuni işğal faktını vurğulamaqla yanaşı, işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə Departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim olunmasını nəzərdə tutur.
 

Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı, Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Brəd Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş "Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiir tərəfindən "333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olmuş və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməmişdir. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olmuşdur. Qarşısı alınmış Azərbaycan əleyhinə düzəlişlərlə aşağıdakı internet səhifələrindən tanış olmaq mümkündür:
 
https://amendments-rules.house.gov/amendments/ShermAzerAmend710201219401940.pdf və https://amendments-rules.house.gov/amendments/Speier%20Azerbaijan%20final71320110611611.pdf

 
Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli "tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olmuşdur. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar haqqında Komitənin sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginliyə və narazılığa səbəb olmuşdur. 
 
ANCA tərəfinin yaydığı məlumatdan da göründüyü kimi (https://anca.org/press-release/u-s-house-passes-pallone-amendment-demanding-greater-oversight-on-u-s-military-aid-to-azerbaijan/), erməni tərəfi Azərbaycan əleyhinə düzəlişlərin keçməməsinə və Ermənistan əleyhinə qəbul olunmuş düzəlişə görə öz məyusluğunu gizlətməmişdir.
 
Azərbaycan tərəfinin sözügedən əhəmiyyətli uğuru ilə barışmaq istəməyən və məğlubiyyətini ört-basdır etməyə çalışan ANCA, çoxsaylı erməni diasporasının narazılığının qarşısını almaq və vəsait toplama fəaliyyətini davam etdirmək məqsədilə həyasızcasına Azərbaycana heç bir aidiyyəti olmayan, Komitədə qəbul edilmiş ümumi mövzuda bir başqa düzəlişi özünün uğuru kimi təqdim etməyə və ictimaiyyəti yanlış məcraya yönəltməyə cəhd etmişdir. Halbuki, erməni tərəfinin istinad etdiyi Frank Pallone tərəfindən irəli sürülmüş "Müdafiə katibinin Dövlət katibi ilə birgə əlaqələndirilməklə 333-cü bölmə çərçivəsində xarici ölkələrin təhlükəsizlik qüvvələrinə yardım göstəriləndən əvvəl və ya yardım göstərilən zaman beynəlxalq tanınmış insan hüquqlarını pozub-pozmadığı barədə Konqresə hesabat təqdim olunması, habelə belə pozuntuların qarşısının alınması məqsədilə təlimlərin keçirilməsinə” dair 396 saylı düzəlişin mətnindən göründüyü kimi (https://amendments-rules.house.gov/amendments/PALLON_039_xml716201347484748.pdf), bu düzəlişdə Azərbaycan barədə heç bir istinad mövcud deyil və düzəliş ABŞ-ın bütün hərbi müttəfiqlərinə və yardım göstərdiyi tərəfdaşlara aiddir.
 
Konqresdə yaranmış vəziyyətlə əlaqədar erməni lobbisi tərəfindən şişirdilmiş geniş təbliğat kampaniyası ilə yanaşı, təəssüflər olsun ki, bəzi dairələr guya 907-ci düzəliş tipli təkliflərin qəbul olunacağı barədə şaiyələr yaymaqla bu məsələdə müəyyən panika yaratmağa cəhd etmişlər. Ümumiyyətlə, erməni tərəfinin dövlətimizə qarşı uydurma təbliğatının əsas məqsədi, ABŞ-Azərbaycan münasibətlərinə, Azərbaycan xalqının birliyinə mane olmaq, eləcə də erməni lobbisinin maliyyələşməsinin davam etməsidir. Bu xüsusda, erməni lobbisinin və digər dairələrin təxribatlarına uymamaq, olduqca ehtiyatlı yanaşmaq və məlumat mənbələrini dəqiq yoxlamaq vacibdir.

2020-07-21 / 15:11
Facebook