"Əlbəttə, fəaliyyətinizin əsas hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətləndiriləcək.
Bu, bizim üçün əsas məsələdir, bu, milli məsələdir. Son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Yəni, hüquqi baza tam təmin edilib".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
"O ki qaldı, münaqişənin həllinə, bizim mövqeyimizdə, qeyd etdiyim kimi, heç bir dəyişiklik ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, birmənalıdır və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Orada bu yaxınlarda keçirilmiş qondarma “seçkilər” bunu bir daha təsdiqlədi. Çünki bütün aparıcı dövlətlər, qonşu dövlətlər, aparıcı beynəlxalq təşkilatlar bu “seçkilərin” tanınmaması ilə əlaqədar bəyanatlar vermişlər.
O ki qaldı, danışıqlara, mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıqlar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var. Ancaq Ermənistan öz destruktiv addımları, qeyri-konstruktiv bəyanatları, sərhəddə və təmas xəttində törətdikləri hərbi cinayətləri ilə bütün bu danışıqlar konstruksiyasını məhv edir. Ermənistan danışıqlar formatını dəyişmək, danışıqların mahiyyətini pozmaq istəyir. Yəni, faktiki olaraq bu gün Ermənistan danışıqlar prosesini dağıdır və bunu hər kəs görür. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin açıqlamalarına fikir vermək kifayətdir. Onların hərbi rəhbərliyi bizi hədələməyə çalışır. Bizi yeni torpaqların işğalı ilə hədələmək istəyir. Ancaq bunlara bu günlərdə verilən dərs hesab edirəm ki, uzun müddət onların yaddaşından silinməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqının səbrinin həddi var. Ona görə danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik", - dövlət başçısı əlavə edib.