Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib:
Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.