BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyasının ilkin gündəliyi dərc olunub.
BMT-nin rəsmi saytında dərc olunmuş gündəliyə 7 bənd daxildir:
1. Baş Assambleyanın 74-cü növbəti sessiyasının sədrin nümayəndə heyəti tərəfindən açılışı.
2. Dua və ya düşünməyə həsr olunmuş bir dəqiqəlik sükut.
3. Baş Assambleyanın xüsusi sessiyasında nümayəndələrin səlahiyyətləri:
a) Səlahiyyətlərin yoxlanılması komitəsinin üzvlərinin təyin olunması;
b) Səlahiyyətlərin yoxlanılması komitəsinin məruzəsi.
4. Sədr və digər səlahiyyətli şəxslərin seçilməsi.
5. Gündəliyin təsdiq olunması.
6. Sessiyanın təşkili.
7. Ümumi müzakirələr.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsü BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da xeyli sayda çox dövlət tərəfindən dəstəklənib.
BMT-nin Baş katibi Antonio Quterreş iyunun 30-da bütün üzv dövlətlərə nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və Baş Assambleyanın 31-ci xüsusi sessiyasının iyulun 10-da çağırılacağını bildirib.
Baş Assambleyanın 74-cü sessiyasının sədrini təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.