Qoşulmama Hərəkatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-də müzakirəsi iyulun 10-da başlanır, hərçənd xüsusi sessiyanın keçirilməsi müddəti hələ müəyyən edilməyib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bunu “Primakov qiraətləri” beynəlxalq elmi-praktiki forumda TASS agentliyinin sualına cavab olaraq bildirib.
Nazir deyib: “Əlbəttə, bilirik ki, Qoşulmama Hərəkatının, - bu Hərəkata hazırda Azərbaycan sədrlik edir, - təşəbbüsü ilə Baş Assambleyanın COVID-19 mövzusuna həsr edilmiş xüsusi sessiyası çağırılacaq, lakin sessiya bir qədər sonra keçiriləcək. Bu gün, iyulun 10-da isə xüsusi sessiyanın çağırılmasında rəhbər götürüləcək qaydaların prosedur baxımından tərtibatı başlanır, çünki koronavirus infeksiyası şəraitində qeyri-adi distant formada çağırılan bütün tədbirlər təşkilati-prosedur məqamları baxımından razılaşdırılmalıdır. Ona görə də bu gün yalnız prosedur məqamları müzakirə ediləcək, xüsusi sessiyanın çağırılması tarixi isə hələ müəyyən edilməyib”.
S.Lavrov qeyd edib ki, BMT-də pandemiya ilə bağlı məsələlər üzərində işdə müəyyən nəticələr əldə edilib. Rusiyalı nazir vurğulayıb: “Mən düşünürəm ki, BMT-ni COVID-19 təhdidlərinə münasibət bildirmək baxımından gecikmiş, astagəl adlandırmağa əsasımız yoxdur. Baş Assambleya barədə danışmalı olsaq, o, artıq iki dəfə toplaşıb. Bu vəziyyətin ilkin mərhələsində koronavirusa qarşı mübarizə üzrə dünya birliyinin vəzifələrinə həsr edilmiş iki qətnamə qəbul edilib. Nəhayət, lap yaxın vaxtlarda Təhlükəsizlik Şurası COVID-19 barədə qətnamə qəbul edib. Biz bunu uzun müddət edə bilmirdik, çünki amerikalılar bu sənəddə Ümumdünya Səhiyyə Təşkilatının rolunun qeyd olunmasını qətiyyətlə istəmirdilər. Sonda həm bu rolu qeyd etməyə, həm də konsensusu təmin etməyə imkan verən sözlər tapıldı”.