DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun həbsi ilə bağlı məlumat yaydı

DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun həbsi ilə bağlı məlumat yaydı

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

2020-07-10 / 18:56
Facebook