“Təbii ki, müntəzəm xarakter daşıyacaq çarter reysləri ilə yanaşı, konkret məntəqələr üzrə də vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunacaq.
Bu həftə və gələn həftə üzrə təxliyyə proqramları bəllidir. Bu həftə Moskva-Bakı istiqamətində “Evə gedirəm” portalında qeydiyyata düşən vətəndaşlarımızın təxliyyəsi həyata keçiriləcək. Kiyev-Bakı istiqamətində reys təşkil edilib, Ər-Riyad - Bakı reysi həyata keçirilir”, - deyə H.Hacıyev əlavə edib.
Prezidentin köməkçisi söyləyib ki, gələn həftə ərzində Doha-Bakı, Moskva-Bakı reysləri olacaq:
“Mərkəzi Asiya ölkələrində olan vətəndaşlarımızı birləşdirərək, təxliyyəsi üçün konkret reyslərin təşkili istiqamətində işlər aparılır. Bütün bunlar dövlətimizin vətəndaşlarına diqqət və qayğısının nəticəsidir”.
H.Hacıyev onu da qeyd edib ki, bu reyslər təşkil edilən zaman sanitar-gigiyenik qaydalara əməl olunması şərtdir:
“Müəyyən olunan qayda belədir ki, istər Azərbaycan vətəndaşı, istərsə də ölkəmizə gəlmək istəyən xarici ölkə vətəndaşları olsun, mütləq müəyyən olunmuş məntəqələrdə testlərdən keçməlidirlər.
Şərtlərdən biri də ondan ibarətdir ki, ölkəmizə gələnlər təyyarənin göyərtəsində xüsusi iltizam sənədi imzalayırlar ki, 14 gün müddətində xüsusi karantin rejimində olacaqlar. Vətəndaşlarımız bunu anlayışla qəbul edirlər. Əsas məqsəd vətəndaşlarımızın, onların ailə üzvlərinin sağlamlığının, cəmiyyətimizin və dövlətimizin qorunmasıdır”.