Koronavirusla mübarizə aparan könüllü həkimlər: “Aylardı evə getmirik”

 

 

Ölkə olaraq yaşadığımız çətin pandemiya dövrünün əsas qəhrəmanlarından biri heç şübhəsiz ki, həkimlər, tibb işçiləridir. Məhz onların sayəsində koronavirus adlı bəladan sağalan çoxsaylı vətəndaşlarımız var. Lakin bu qələbə heç də asan başa gəlmir.  8-10 saat fasiləsiz iş, yay günlərində xüsusi qoruyucu geyimlər, ailədən uzaq qalmaq və s.

Modern.az bu cür gərgin şəraitdə “ön cəbhə”də çalışan bəzi həkimlərimizlə əlaqə saxlayıb, iş prosesi, ümumi vəziyyət barədə maraqlanıb.

Qeyd edək ki, hər üç həkim mübarizəyə könüllü təşəbbüs göstərərək qoşulub.

Həkim-terapevt Sürəyya Muradova 20 saylı şəhər poliklinikasında çalışır. Həkim çalışdığı xəstəxanada bütün tibb işçilərinin həmrəy olduğunu deyir:

“Mart ayında koronaviruslu xəstələrin müalicəsində iştirak etmək üçün müraciət etmişdim. Amma qismət  elə gətirdi ki, iyun ayında bu xəstəxanada çalışmaq üçün mənə müraciət edildi. Hazırda xəstəxanada ümumi vəziyyət ürəkaçan deyil. Yəni bildiyiniz kimi yoluxma sayı-günü-gündən artır. Amma həkim heyəti olaraq müayinə-müalicə məsələlərini əlimizdən gəldiyi qədər layiqli yerinə yetirməyə çalışırıq. Bəzən gündə 10 saat çalışmalı oluruq.  Bura 1 aylıq ezam olunmuşam, artıq son həftəmdir. 

Bilirsiniz bir söz var, “Yalnız mənim yerimdə olanlar nə çəkdiyimi bilər” deyə. Həqiqətən də bu şəraitdə çalışmağın nə demək olduğunu da ancaq həkimlər bilə bilər. Lakin nə qədər əziyyət çəksək də, bu bizim peşə borcumuzdur. Elə olur ki, 2-3 maska istifadə etməli oluruq. Xüsusilə də tibb bacılarının işi çox çətindir, bəzən onların da işini görməli oluruq, burda bütün səhiyyə işçiləri bir-birinə dəstəkdir. Çətin günlərdə həmrəy olmalıyıq.

Çalışıb ilk növbədə özümüzü qoruyuruq ki, ətrafı da qoruya bilək. Bacardığımız qədər pozitiv oluruq, çünki hamı stress, həyəcan içərisindədir. Heç nədən qorxum yoxdur, lazım gəlsə müharibə zonasında da çalışaram”.

Yeni Klinikada çalışan həkim-infeksionist Həlimə Səfərli də bir neçə aydır ki, koronaviruslu xəstələri müalicə edir. O deyir ki, işin ən çətin tərəfi sevdiklərindən ayrı qalmaqdır:

“Martın 30-dan könüllü olaraq koronaviruslu xəstələrin müalicəsində iştirak etməyə başlamışam. Əvvəl vəziyyət riskli olduğu üçün ailədən etiraz etdilər. Amma mən həkiməm və bu cür şəraitdə çalışmaq birbaşa olaraq mənim vəzifə borcumdur. Bəzən evə getmək istəyirəm, amma valideynlərimi, yaxınlarımı yoluxdurmaqdan çox qorxuram. Deyərdim ki, işimizin ən çətin tərəfi də sevdiklərimizdən ayrı qalmaqdır.

İşləməyə başladıqdan sonra 1 ay dincəldim, amma ümumilikdə 2-3 ay olar ki, iş başındayam. Yəqin ki, virus riskli vəziyyətdən çıxanadək də işimi davam etdirəcəm. İndi xəstəxanaya gətirilən xəstələr mart ayında gələnlərə nisbətdə daha ağır vəziyyətdə olurlar.  Belə ki, xəstələrin çoxunda ağciyər pnevmaniyası müşahidə edilir.  Kişilər qadınlara nisbətən daha çox depresiyaya meyilli olur və depresiv əlamətlər xəstəliyin gedişatında ağırlıq yaradır. Bu səbəbdən kişilər xəstəliyi qadınlardan daha ağır keçirir. Amma xəstəliyə yoluxanlar arasında qadınlar da kişilər də təxminən eynidir.

Elə olur ki, müalicəsini evdən davam etdirmək istəyən xəstələr də olub. Onlar da virusu yüngül keçirən şəxslərdir. Evdən müalicə olunanlar arasında koronavirusu ağır keçirənlər yoxdur. Əslində evdən müalicə olunan xəstələr dedikdə onların özünü ətrafdan təcrid etməsi nəzərdə tutulur. Yəni müalicəyə ehtiyacı olanı evə yollamamışıq. Virus bədəndə maksimum 28 günədək yaşaya bilər. O səbədən xəstələr evə yollanırsa, xəstəliyin başladığı müddətdən 28 günün tamamınadək izolyasiya olunurlar”.

Pediatr Hümmət  Əhmədov da Yeni Klinikada çalışır. Onun uşaq xəstələri də var. Pediatr bildirir ki, uşaqlar xəstəliyi cəmi 1-2 dərman qəbul etməklə böyüklərdən daha uzun müddətə başa vurur:

“Əvvəl assimptomatik xəstələrimiz ümumi xəstələrin 60-70 faizini təşkil edirdisə, indi vəziyyət dəyişib. Son dönəmlərdə artan mutasiyalar nəticəsində daha çox yoluxduruculuq yarandığı üçün ağır və orta ağır xəstələrimizin faizi artıb. İndi xəstəliyi yüngül keçirənlərin sayı əvvəlkinə nisbətdə xeyli azalaraq ümumi xəstələrin 30 faizini təşkil edir. Tibbi ləvazimatlarla tam təchiz olunsaq da, tibbi personal çatışmazlığı var. Amma bu da digər xəstəxanalara nisbətdə bizdə o qədər də kəskin hal yaratmır. Xəstəxananın bir neçə mərtəbəsi koronaviruslu xəstələr üçün ayrılıb.

Xəstələr arasında şəhid ailələri də var. Biz onlara koronavirus dövründən qabaq da hər zaman xüsusi diqqətlə yanaşmışıq, indi də diqqətimizi əsirgəmirik. Hazırda virusa yoluxan şəhid xəstələrinin çoxu sağalıb, bəziləri də yaxın günlərdə evə buraxılacaqlar.

Gündə 8 saat istirahət olmadan çalışırıq. Artıq 36 gündür ki, dayanmadan ailədən uzaq işimi davam etdirirəm. Bu iş üçün özüm könüllü müraciət etmişəm, ixtisasca pediatram. Xəstələr arasında uşaqlar da var. Amma onlarda virusun ağır əlamətləri özünə biruzə vermir, sadəcə uşaqlar yoluxdurucu olduğu üçün xəstəxana şəraitində izolyasiya olurlar.  İndiyədək 15 uşaq xəstəm olub, onlardan heç birində xəstəlik ağırlaşmayıb. Böyüklərdə bəzən yaxma testi müalicənin bir həftəsində artıq neqativ çıxır. Lakin uşaqlarda neqativ cavab almanın müddəti bir qədər uzundur. Uşaqların xəstəxanada qalma müddəti təqribi 1 həftə - 10 gün arası olur və müalicədə 1-2 dərman preparatından istifadə edirik”.

2020-07-07 / 09:43
Facebook