Hamımız bilirik ki, bu gün həkimlər ön sırada görünməyən düşmənlə mübarizə aparırlar. Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimli çox sayda insanın həyatını xilas edənlərdən biridir, amma təəssüf ki, özünü qoruya bilməyib və koronavirusa yoluxub. Xoşbəxtlikdən indi onun vəziyyəti yaxşılaşıb və tezliklə yenidən “döyüş bölgəsinə” qayıdacağına ümid edir.
Media.Az xəstəliyin gedişi, ilk xəstələr və daha başqa şeylər barədə həkimlə söhbət edib.
- İlk simptomlarınız nə idi?
- İlk simptomlar əzələ ağrısı, narahatlıq, demək olar ki, tamamilə zəifləmə idi. Bunun gücləndirilmiş iş rejimi ilə əlaqəli olduğunu düşündüm (İntensiv terapiya şöbəsində gündə 12 saat işləyirdim). Ancaq bundan sonra digər simptomlar ortaya çıxdı: şiddətli baş ağrıları və ayaq ağrısı, temperatur 38,5 dərəcəyə qədər yüksəldi. Bir az boğazım ağrıyırdı, burun tutulması, tərləmə müşahidə edilirdi. Tənəffüs çatışmazlığının yaranması ilə boğulmalar başladı. Həmin an, prosesin ciyərlərə çatdığını anladım, kompüter tomoqrafiyası nəticəni təsdiqlədi. Diaqnoz: ağciyərlərin ikitərəfli sətəlcəmi. Vəziyyətim orta ağır qiymətləndirildi.
- Bir həkim və yoluxmadan sağalan bir insan kimi deyin, virus həqiqətən mutasiya edərək aqressivləşib?
- Əvvəllər virusun parlaq kliniki simptomları olan yaşlı xəstələr müalicə zamanı ciddi fəsadlar yaşayırdılar. Orta yaşlı və gənc insanlar, bir qayda olaraq, xəstəliyi asan keçirirdi. Son zamanlarda, bəlkə də bu pasiyentlərin sayının kəskin artması ilə əlaqədardır, xəstəlik demək olar ki, hamıda ağırlaşmalarla davam edir. Tədqiqat aparılmayana qədər bunun səbəbinin virusun mutasiyası olduğunu iddia edə bilmərik. Ancaq həkimlərin müşahidələrinə görə deyə bilərik ki, virus daha da aqressivləşib və indi əfsuslar olsun ki, gənclər arasında ölüm hadisələrinin şahidi oluruq.
- Mərkəzi Neftçilər Xəstəxanasında boş yerləriniz var?
- Xəstəxana gücləndirilmiş rejimdə işləyir, praktik olaraq boş yerlər yoxdur. Əlbəttə ki, müalicə olunan xəstələri evə buraxırıq, amma onların yerini yeni xəstələr tutur.
- Xəstələr necə müalicə olunur?
- Xəstə xəstəxanaya gətirildikdən sonra koronavirusun ağırlıq dərəcəsi müəyyən edilir, lazımi tibbi müayinə aparılır, yanaşı xroniki xəstəliklərin mövcudluğu öyrənilir, sonra müvafiq müalicə kursu təyin edilir.
Müalicədən danışarkən, bir qayda olaraq, antiviral, antibakterial dərmanlardan istifadə edilir, simptomatik, patogenetik və vitamin terapiyası aparılır. Daha ağır xəstələr üçün oksigen terapiyası təyin edilir, zərurət olduqda onlar ağciyərlərin süni ventilyasiyası cihazına qoşulur.
- Fikrinizcə, epidemiya nə vaxt aradan qalxacaq?
- Bu artıq bir epidemiya deyil, demək olar ki, bütün dünyanı bürüyən pandemiyadır. Tarixə nəzər yetirsək, bir qayda olaraq, pandemiyanın əksərən üç və ya daha çox il davam etdiyini görərik. Ancaq pessimist olmaq istəmirəm, bu gün elmin inkişafı elə bir səviyyədədir ki, əgər koronavirus infeksiyası üçün xüsusi profilaktik müalicə işlənib hazırlanarsa və ya peyvənd yaradılsa, virusu məğlub edə bilərik. Ümid edək ki, bu, ən qısa müddətdə reallaşacaq.