Koronavirusun müalicəsində istifadə olunan ən son dərmanlar Azərbaycanda var
Hazırda Azərbaycanda klinikalar bütün dərman təchizatları ilə təmin olunub. Dünyada COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları xəstəxanaların depolarında var və istifadə olunur. Həmin preparatlar ölkəyə erkən gətirilib. Bu baxımdan hər hansı bir problem yoxdur.
Bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.
"Bəzi vətəndaşlar koronavirusla mübarizədə istifadə edilən dərmanları qədərindən artıq alıb evlərində saxlayırlar. Bu baxımdan da dərman əskikliyi yaşaya bilirik. Lakin alternativ dərman preparatları da var. Son günlər bəzi dərmanlar apteklərdə çətin tapılırdı. Lakin onlayn aptek vasitəsilə həmin dərmanları əldə etməklə və ya digər alternativ dərmanlarla bunu tənzimləmək olur. Xəstəxanalar bütün dərman preparatları ilə dövlət hesabına təchiz olunub. Xəstənin yatdığı müddətdən və istifadə etdiyi dərmanın miqdarından asılı olmayaraq hamısı dövlət hesabına təmin edilir. Lakin şəxsin öz istəyi ilə xəstəxanalara müraciət edərək və ya müraciət etmədən apteklərdən gedib dərman alması onun öz hesabınadır. Məsləhət görürəm ki, dərman əskikliyi yaşayanlar həkimə müraciət etsinlər. Həkim onlara alternativ preparat təklif edə və ya həmin şəxslərin dərman istifadəsinə ehtiyacı olmadığını müəyyənləşdirə bilər", - deyə V.Əliyev diqqətə çatdırıb.