Koronavirusdan ölən müəllim beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub

 

Təhsil Nazirliyi dünən koronavirusdan həyatını itirmiş Bakı Dövlət Universitetinin müəllimi Naqif Nəbiyev haqqında məlumat yayıb.

Ölkənin təhsil ictimaiyyətinə ağır itkinin üz verdiyini qeyd edən qurum mərhumun ailəsinə başsağlığı verib:

“Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev ötən gün vəfat edib. 60 yaşında dünyasını dəyişən Naqif Nəbiyev 1977-1982-ci illərdə BDU-nun fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 2015-ci ildən fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.

Naqif Nəbiyev nanostrukturların kvant kimyəvi hesablamaları sahəsində dünya səviyyəli tanınmış mütəxəssis, Azərbaycan olimpiada hərəkatının bayraqdarlarından biri olub. Naqif Nəbiyevin saysız istedadlı gənclərin yetişməsində böyük rolu olub. Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi mərhumun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”

2020-06-29 / 18:14
Facebook