Prezident İlham Əliyev: “Qapalı yerlərdə maska taxıram, Prezident bunu edirsə, niyə başqası edə bilməz?”

 

“Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram: “Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik”. 

Azərbaycan Prezidenti əlavə edib ki, bizim bundan iki dəfə çox həkimimiz yoxdur: “Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”.

“İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

2020-06-25 / 00:20
Facebook