Səfir Li Litzenberqer 600 ailəyə çatdırılması nəzərdə tutulan gigiyena əşyalarının paylanmasından öncə Qızıl Aypara Cəmiyyətinin anbarına baş çəkib.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib ki, iyunun 19-da Səfir Litzenberqer və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakıda yerləşən anbarına baş çəkərək orada USAID tərəfindən maliyyələşdirilən gigiyena əşyalarının paylanması üçün görülən hazırlıq işlərini nəzərdən keçiriblər. Bu bağlamalar Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən Bakıda və 14 digər rayonda 3,600-dən çox insanı əhatə edən 600 ailəyə çatdırılacaq. Bu yardım ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərinin bir hissəsi olaraq Amerika xalqının səxavəti sayəsində mümkün olmuşdur.
“Pandemiyanın təsiri və xəstəliyin yayılmasının qarşısını almaq üçün görülən karantin tədbirləri Azərbaycanda, Birləşmiş Ştatlarda, habelə bütün dünyada bir çox ailələrin çətinliklərlə üzləşməsinə səbəb olub. Mən yerli Qızıl Aypara Cəmiyyətinin könüllülərinin Azərbaycanda insanların qida və gigiyena əşyalarının təchizatı, həmçinin sağlam qalmaq üçün zəruri məlumatların çatdırılmasında göstərdikləri xidmətlərini və əziyyətini yüksək giymətləndirirəm. Onların göstərdikləri səylər Amerikalıların xidmət və xeyriyyəçilik dəyərlərini əks etditrir. Amerika COVID-19 xəstəliyinə qarşı mübarizədə Azərbaycan könüllüləri və xalqının yanında olmaqdan qürur duyur” - deyə, Səfir Litzenberqer qeyd edib.
Bu vaxta kimi Amerika Birləşmiş Ştatları COVID-19-la qlobal mübarizəyə 11 milliard dollar ayırıb. USAID və Dövlət Departamenti COVID-19 sahəsində Azərbaycan da daxil olmaqla 120 dövlətə yardım göstərib.