Ötən həftəsonu sərt karantin rejimi tətbiq edilən yerlərdən, xüsusilə Bakı və Sumqayıt şəhərlərindən rayonlara axın edilməsi və karantin rejimi bitəndə Bakıya girişdə uzun tıxacların yaranması ilə bağlı araşdırmalar hələ də davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev açıqlamasında bildirib ki, bununla bağlı artıq minə yaxın sürücü aşkarlanıb: “Həmin şəxslər barəsində tədbir görülür. Bunlar respublika üzrə karantin rejimi tətbiq edilən yerlərdə digər yollarla icazəsi olmadan girişə-çıxışa cəhd edənlər və torpaq yollarla Bakıya girişə və çıxışa cəhd edənlərdir. Bununla bağlı araşdırmalar hələ davam edir. Kameralarda qeydə alınan görüntülərə əsasən həmin nəqliyyat vasitələrinin sürücüləri müəyyən edilir və məsuliyyətə cəlb olunub. Xüsusi karantin rejimini pozan və polisə müqavimət göstərən 3 nəfər barəsində də məhkəmə tərəfindən inzibati həbs qərarı verilib”.
K.Əliyev “Bakı qeydiyyatı olan 10 minlərlə şəxs necə rayona gedib ki, qayıdan da bir neçə kilometrlik tıxac yaranıb?” sualına cavab olaraq bildirib ki, həmin şəxslərin əksəriyyətində getməsi üçün müəyyən icazələri olub:
“Bəzilərinin ezamiyyə vərəqələri olub, bəzilərinin işlədiyi təşkilatdan xidmətlərinin bütün respublika ərazisində olmasına dair arayışı olub, fermer təsərrüfatı ilə məşğul olanlar, icazə portalında adı olan şəxslər olub. Rəsmi olaraq karantin zonasından çıxıb geri qayıtmağa icazəsi olan, lakin həftəsonu xidməti fəaliyyəti ilə bağlı deyil, sui-istifadə edərək istirahət üçün rayonlara gedənləri onların işlədiyi müəssisələr, Daxili İşlər Nazirliyi və Operativ Qərargah tərəfindən müəyyənləşdiriləcək. Araşdırılacaq ki, fəaliyyətinə icazə verilən insan sərtləşdirilmiş karantin rejimi dövründə Bakı şəhərində xidməti yerində olmalı olduğu halda, nəyə görə hansısa bir rayonda olub yaxud da ki, xidməti fəaliyyəti ilə bağlı zərurət olmadığı halda niyə rayona gedib. Bunlar hamısı araşdırılacaq”.