“Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər”.
Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı qeyd edib ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var: “Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməmiş, ad günü məclisində, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Universitetinin dosentini itirdik. O da ad günündə yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”.