Tibb işçilərinin etiraz aksiyasına rəsmi münasibət

 

“Abşeron rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməyiblər”. 

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova sözügedən şöbə əməkdaşlarının artımların verilməməsi ilə bağlı bu gün keçirdikləri aksiyaya münasibət bildirərkən deyib.

Qeyd edib ki, aksiya iştirakçıları digər çağırışlar üzrə tibbi və təxirəsalınmaz xidmət göstərib:

“Abşeron rayonu üzrə koronavirus infeksiyası ilə bağlı çağırışlara Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gedib. Bu stansiyanın  koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə 345 730.02, aprel ayı üzrə 390 903.33 və may ayı üzrə 348 910. 20 müddətli əlavələr ödənilib. Ümumilikdə 1 milyon 85 min 543 manat 55 qəpik ödənilib”.

A. Əhmədova onu da bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur. Agentlik tərəfindən tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələr ödənilir:

“Yanacaq və ambulansların vəziyyəti ilə bağlı şikayətlər TƏBİB tərəfindən araşdırılacaq”.

Xatırladaq ki, sözügedən şöbə əməkdaşları bu gün keçirdikləri aksiyada qızdırmalı vətəndaşların çağırışlarına getsələr də, onların maaşlarına artımların əlavə edilmədiyini, həmçinin, tibbi yardım maşınlarının təmirini öz büdcələri hesabına etdiklərini, aparatların işlək vəziyyətdə olmadığını, benzin pulunu xəstələrin verdiyini iddia ediblər. Bundan başqa, bildirilib ki, çatışmazlıqlarla bağlı müraciət edilən zaman işçilər hədələnir.

2020-06-17 / 15:21
Facebook