Azərbaycanlı xanım Rusiyada tibb işçilərinin cəsarət rəmzi olub - MÜSAHİBƏ

 

Tibb işçilərini dövrümüzün qəhrəmanları adlandırmaq olar. Bu gözəl peşənin nümayəndələri yuxu yatmadan və istirahət etmədən rifahımızın qayğısına qalır, hər həyat uğrunda mübarizə aparır və hər gün yüzlərlə, minlərlə insanı koronavirus bəlasından xilas edir. Belə qəhrəmanlardan biri də həmyerlimiz Nuranə Eminovadır. Moskva vilayətində tibb bacısı işləyən Nuranə bu çətin özünütəcrid günlərində peşə vəzifələrini yorulmadan yerinə yetirməyə davam edib. Tibb işçilərinin cəsarətinin rəmzi kimi onun fotoları Moskvada və Moskva vilayətində yayılıb.

“Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Nuranə Eminova işindəki çətinliklərdən, görülən işin yaratdığı qürur hissindən və amansız pandemiyaya qarşı uğurlu mübarizədən danışıb.

- Rusiyada tibb sahəsində nə qədər müddətdir çalışırsınız? Pandemiya zamanı koronaviruslu xəstələrlə işləməyə könüllü olaraq qərar verdiniz? İşiniz nədən ibarətdir?

- Rusiyada 2012-ci ildən işləyirəm. Krasnoqorsk Şəhər Xəstəxanasında prosedur tibb bacısı kimi çalışıram. İşimiz ondan ibarətdir ki, xəstələrdən qan analizi götürürük və onlara iynə (əzələdaxili və damardaxili) vururuq.

COVID-19 ilə əlaqədar bizi evlərdə analiz götürməyə göndərdilər. Yoluxma təhlükəsinə baxmayaraq, dərhal bu işə razılaşdım və rəhbərliyə vəzifələrimi sona qədər icra edəcəyimi söylədim. İşimi sevirəm və uşaqlıqdan bu barədə xəyallar qurmuşam. Hətta bunun sübutu olaraq uşaqlıq şəklim də var.

 

 

Özünütəcrid rejimində evlərə gedirdim və burundan, ağız boşluğundan yaxmalar götürürdüm. Özümlə və qazandığım uğurlarla fəxr edirəm, çünki bir ay ərzində həmkarlarımla birlikdə 6 mindən çox analiz götürməyi bacardıq. Çox az adam belə riskli işə girişərdi.

- Üzərində şəkiliniz və “Təşəkkür edirəm, həkim” sözləri yazılmış plakatlar bütün Moskva vilayətinə yayılıb. Tibb işçisi, Rusiyada yaşayan bir azərbaycanlı kimi hansı hissləri keçirirsiniz?

- Bir azərbaycanlı olaraq, Rusiyada millətimizi çalışqan, qorxmaz və başqalarına kömək etməyə həmişə hazır olan biri kimi göstərdiyimə görə çox məmnunam. Moskva şəhəri və Moskva vilayətində yayılan şəklimə gəlincə, bu, qəzet, televiziya üçün çəkilmişdi və tibb sahəsindəki qəhrəmanlara həsr olunmuşdu. Düzünü deyim ki, bu qədər yayılacağını bilmirdim. Bu barədə həkimlərimiz mənə məlumat verdilər və plakatın şəklin çəkib mənə atdılar. Şəklin altına da “Nuranə, sən bizim fəxrimizsən” yazmışdılar. Buna görə onlara təşəkkür edirəm!

 

 

- Mart ayından bəri koronavirus xəstələri ilə işləyirsiniz, evlərə gedib testlər götürürsünüz. İşinizdəki çətinliklər barədə bizə məlumat verərdiniz.

- Bütün bu müddətdə gündə 15-16 saat işləmişik. Uşaqlarımı, demək olar, görmürdüm. Bundan əlavə, kombinezonda olmaq çox çətin idi, çünki narahat geyimdir, nəfəs almaq çətin olurdu, bədən daim qaşınırdı. İş o qədər çox olurdu ki, heç nahar etməyə belə vaxtımız olmurdu, nəticədə 9 kq arıqladım. Bir dəfə hətta o qədər yorulmuşdum ki, günün sonunda liftdən çıxarkən huşumu itirib yıxıldım. Xəstələrin axını çox böyük olduğundan və ehtiyacı olanların hamısına yardım etməli olduğumuzdan sürətli və kompakt işləməli idik.

- Sizcə, Azərbaycandakı epimedioloji vəziyyət necədir? Pandemiya ilə mübarizədə ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlərin səmərəliliyini necə qiymətləndirirsiniz?

- Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə dəfələrlə yaxşıdır. Bütün bunlarAzərbaycan rəhbərliyinin pandemiyaya tez və təşkilatlanmış qaydada cavab verməsi, virusun ölkə daxilində yayılmaması üçün bütün lazımi tədbirləri görməsi nəticəsində oldu. Azərbaycan, demək olar, dünya səviyyəsində COVID-19-a qalib gəldi.

2020-06-16 / 15:16
Facebook