Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən iyunun 14-dən iki gün ərzində Bakı şəhəri də daxil olmaqla, üç şəhər və beş rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir.
Bununla bağlı icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtda koronovirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinaları və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir. Eyni zamanda, məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, dünəndən etibarən bu prosesə başlanılıb. İki gün ərzində meydançalardakı mövcud konteynerlərdən əlavə daha 1000-dən çox belə konteyner qoyulacaq və bu müvəqqəti haldır. Sonradan konteynerlər yığışdırılaraq meydançalara qaytarılacaq.
Həmin günlərdə kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcək.