Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən dövlətimizin başçısı Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
E.Əhmədov deyib: “Dövlətimizin başçısı tarixi faktlara əsaslanaraq bildirdi ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Mənbələr təsdiq edir ki, ermənilər Cənubi Qafqaza mərhələlərlə məqsədyönlü şəkildə köçürülmüşlər. XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanmışdı. Həqiqətən də bu fakt və müqavilənin maddələri onu deməyə əsas verir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı. Bunun ardınca, 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfəri zamanı Ermənistanın əsassız ərazi iddialarını və ermənilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədyönlü şəkildə köçürüldüyünü bir daha diqqətə çatdırdı. Dövlət başçısı tarixi faktlarla bir daha qeyd etdi ki, ermənilər bizim torpağımıza, o cümlədən tarixi ərazilərimizə XIX əsrin əvvəllərində köçürülüblər və indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb: “Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli, 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır”.
Prezident İlham Əliyev bu mühüm və danılmaz faktı bütün çıxışlarında ictimaiyyətin diqqətinə çatdırır. Qeyd etmək lazımdır ki, ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri – Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və s. kəndlər salınmışdı. Cənubi Azərbaycanın Marağa şəhərindən Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər 1828-ci ildən 150 il sonra, yəni, 1978-ci ildə sovet dövründə, Ağdərə rayonunda həmin köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində ermənicə “Marağa-150” sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni, Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü şəkildə dağıtmışlar.
Eyni zamanda, dövlət başçısı bildirdi ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb: “Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?”.
Həqiqətən də Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsi nəticəsində Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası quruldu. Qeyd etmək vacibdir ki, Ermənistanda azərbaycanlıların tarixən yaşadıqları ərazi respublikanın ümumi ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv.km. təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv.km.) təqribən 3 min kv.km. artıqdır.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Prezident ilham Əliyev bildirdi ki, mərhələlərlə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələri yer üzündən silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetik respublika yaradılmışdır. Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, Ermənistanın əsassız ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir: “İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün”.
Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətlərin ortaya qoyulmalı olduğunu vurğulayaraq bildirib ki, XX əsrin əvvəllərində rus imperiyası tərəfindən dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir: “Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm”.
Prezident İlham Əliyev bildirdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Sonuncu, qondarma “prezident və parlament seçkiləri"nin keçirilməsi isə münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar (NATO, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa parlamenti, İƏT, GUAM və s.) və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirilib və tanınmayıb. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: “Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür”.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Azərbaycan Prezidenti xalqımızın və dövlətimizin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca, bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib.
Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu vurğulayaraq qeyd edib ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərinə qarşı Ermənistan tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını bildirən dövlət başçısı qeyd edib ki, bu, əslində, onların xislətidir və onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar, bu da heç kimə sirr deyil.
Bu baxımdan, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün təşkilatlarda fəal olmağımızı, hücum diplomatiyası aparmağımızı bildirərək qeyd edib ki, Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi, çünki onların bütün tarixi saxtakarlıqdır, eləcə də onlar tarixi Azərbaycan torpağında dövlət qurublar və indi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçərək bildirdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”