“Azərbaycan 30 ildən çoxdur torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanla müharibə vəziyyətində yaşayır. Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq, irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma sülh danışıqları sonsuzadək davam edə bilməz".
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS informasiya agentliyində keçirilən “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi ilkin şərtdir: "Hansı ki, mütləq şəkildə yerinə yetirilməlidir, amma yerinə yetirilmir. Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin sülh danışıqları sonsuza qədər davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız və ən əsası da Ermənistan rəhbərliyi nəzərə almalıdır”.
“Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə "Valday" beynəlxalq diskussiya klubunun plenar iclasında iştirak etdi. Həmin toplantıda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyi bir daha diqqətə çatdırıldı. Məsələnin beynəlxalq hüquq normalarına əsaslanan yeganə həll yolu bir daha vurğulandı. Ona görə də biz öz tərəfdaşlarımızdan və dünya ölkələrindən dəstək gözləyirik. Böyük Vətən Müharibəsi zamanı tarix göstərdi ki, sülhə nail olmaq üçün müharibə törədən səbəbi aradan qaldırmaq lazımdır”, - səfir bildirib.