“Almaniya ilə Azərbaycanın ikitərəfli münasibətləri həmişə müsbət tempdə inkişaf edib. İki ölkə arasındakı əlaqələr həm iqtisadi, həm siyasi, həm də elm-təhsil sahəsini əhatə edir”.
Bunu açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyada qondarma “Dağlıq Qarabağ Respublikasının nümayəndəliyi”nin fəaliyyətinin qadağan edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Berlinin qərarı Almaniyanın Azərbaycanla münasibətlərə nə qədər böyük önəm verməsinin təzahürüdür.
Deputat bildirib ki, 2012-ci ildə Almaniya parlamentində çalışdığı müddətdə erməni separatçılarının qeyri-qanuni fəaliyyətlərinə hüquqi don geyindirmək cəhdlərinin şahidi olub.
N.Həsənov qeyd edib ki, Almaniyada Ermənistanın təxribatının qarşısının alınması Azərbaycan diplomatiyasının uğurudur.
Millət vəkili hesab edir ki, Avropa İttifaqı ölkələri içərisində Almaniya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hüquqlarının qorunmasına çalışan aparıcı ölkədir.
“Almaniyanın Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə nümayəndəsi Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz seçkilər keçiriləndə öz etirazını bildirmişdi. Almaniya Xarici İşlər Nazirliyi həmin “seçkilərin” nəticəsini tanımadı. Bu, o deməkdir ki, Almaniya separatçı qüvvələrin hərəkətlərinə hüquqi don geyindirmək cəhdlərini də tanımır”, - deyə N.Həsənov əlavə edib.
Deputat onu da qeyd edib ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri prioritet sayır.
Xatırladaq ki, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi separatçı “Arsax Respublikası”nı tanımadığını bəyan edib.
Rəsmi Berlin qeyd edib ki, Almaniyada bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri, nə də qəbul edilmiş nümayəndəliyi mövcuddur.
“Almaniyanın Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya həmçinin o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”, - deyə Almaniya XİN-in açıqlamasında bildirilib.