“REACT-C19 layihəsi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir”.
Bunu Heydər Əliyev Fondunun departament direktoru, deputat Soltan Məmmədov layihənin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, layihə ölkədə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir:
“REACT-C19 layihəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq, fədakarlıqla ön cəbhədə çalışan tibb işçilərimizin davamlı şəkildə bilik və bacarıqlarının yüksəlməsi, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması üçün çox önəmli dəstəkdir”.
Qeyd edək ki, bir ay bundan əvvəl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronavirusla mübarizədə REACT-C19 layihəsinin icrasına başlanılıb.
Bu günə qədər səkkiz xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edib. Heyət iyun ayının sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək.