Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər heç şübhəsiz Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi Yerevanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır.
Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür.
Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.