Generalların cəbhəyə səfəri - düşmənə hər an zərbə endirilə bilər

 

“Azərbaycan Ordusu istənilən vaxt düşmənə ən güclü, qəti zərbə endirməyə hazırdır. Biz bu hazırlığı yüksək səviyyədə saxlayırıq. Bütün təlimlər və ön xəttə səfərlər də buna xidmət edir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov Azərbaycan Prezidentinin köməkçisi general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən hərbi hissələrə səfərini şərh edərkən deyib.

O bildirib ki, karantin dövründə Müdafiə Nazirliyinin rəhbər heyətinin ön xətdə olması Azərbaycan Ordusunu daim güclü saxlamağa xidmət edir:

“Müharibə vəziyyətində olan Azərbaycanın elə bir günü olmur ki, atəşkəs pozulmasın. Düşmən tərəfi daim təxribata əl atır. Onların atəşkəsi pozması sülh danışıqları ilə razılığa gəlməyəcəklərini göstərir. Son sözü də yəqin ki, Azərbaycan Ordusu deyəcək. İstənilən halda ordumuz bütün vəziyyətlərə hazırdır. Hərbi texnikanın modernləşdirilməsi, yeni növ silah-sursatın alınması, müasir silahlardan istifadə edə bilən hərbçilərin formalaşması – bütün bunlar ordumuzun həm texnika, həm canlı qüvvəsinin yüksək səviyyədə təminatından xəbər verir”.

Deputat bildirib ki, bütün çətin vəziyyətlərdə general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin tez-tez ön xətdə yerləşən hərbi hissələrdə olması ordunun qüdrətinin artırılmasına hesablanıb:

Karantin rejimində ordunun şəxsi heyətinin təhlükəsizliyinin təmin olunmasından texniki təchizatın yüksək səviyyədə təşkilinə kimi bütün məsələlər daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, dünyanın zərər çəkdiyi pandemiya Azərbaycan Ordusunda özünü göstərmədi. Bütün hazırlıq normalarının tətbiq olunması, şəxsi heyətin mütəmadi yoxlanılması, yataqxanalarda – ümumən hərbi hissələrdə dezinfeksiya işlərinin aparılması müsbət nəticə əldə etməyə şərait yaratdı. Bununla yanaşı, ordumuz öz fəaliyyətini gündəlik davam etdirdi, daim cəbhədə döyüş ruhunu yüksək səviyyədə saxladı. Əsgərimiz istənilən vaxt düşmənin bütün həmlələrinə cavab verməyə hazırdır. Vəziyyəti bu formada saxlamaq, şəxsi heyətin döyüş qabiliyyətini hər an yüksək səviyyədə tutmaq üçün ön xəttə səfərlərin təşkil olunmasını yüksək qiymətləndirirəm”.

B.Sadıqov deyib ki, hazırda Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir: “Orduda bir neçə komponent var, ancaq mən onları əsas iki hissəyə bölürəm. Birincisi, ordunun silahı, silahla hazırlıq, peşəkarlıq. İkincisi, ordunun ruh yüksəkliyi. Ruhumuz da hazırdır, silahımız da. Bunu 2016-ci ilin Aprel döyüşlərində sübuta yetirdik. Ermənilərin həmişə lovğalandıqları “keçilməz” dedikləri Ohanyan səddi yarım saatda keçildi. Bununla bağlı çoxlu süjetlər də izlədik. Ermənilər hətta qorxub qaçırdılar. Ermənilərə Aprel döyüşlərindən gözəl mesaj görmürəm. Onlar əmin oldular ki, bizim dediklərimiz – silahımız, hücumumuz, hazırlığımız, torpağı azad etmək qətiliyimiz tam realdır”.

Deputat Asim Mollazadə isə bildirib ki, düşmən tərəfinin hər vaxt təxribat törədə biləcəyini nəzərə alıb Silahlı Qüvvələrimiz həmişə ayıq-sayıq olmalıdır:

“Azərbaycan Silahlı Qüvvələri çətin vəziyyətdə dövlətin ərazi bütövlüyünü qorumaqla məşğuldur. Təbii olaraq istisna deyil ki, düşmən qüvvələri hər vaxt təxribat törədə bilər. Ona görə də belə təxribatları dəf etmək üçün Silahlı Qüvvələrimiz həmişə ayıq-sayıq olmalıdır. Bilirsiniz ki, hətta Dağlıq Qarabağdan uzaq bölgələrdə belə - Qazax, Tovuz rayonlarında mülki əhaliyə atəş açaraq dinc insanlara çox böyük təhlükə yaradırlar. Bunun da arxasında Ermənistanın daxilindəki problemlər dayanır. Onlar vətəndaşlarının diqqətini bu problemlərdən hansısa formada yayındırmaq üçün təxribatlara əl atırlar. Şübhəsiz ki, bu təxribatlar yenidən davam edə bilər. Düşünürəm ki, Azərbaycan Ordusu hər an hazır olmalıdırlar”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olublar.

Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən sonra general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

2020-05-05 / 15:54
Facebook