Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşü keçiriləcək.
Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə sədrlik Azərbaycana verilib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçiriləcək.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.
Azərbaycan nəinki milli səviyyədə COVID-19-a qarşı mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal səviyyədə də COVID-19-a qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir.