Daha bir rayonda icra nümayəndəsi yardımı mənimsədi - Özü və müavini saxlanıldı

 

Cəlilabad Rayon İcra Hakimiyyətinin Şiləvəngə kənd icra nümayəndəsi və müavini haqda cinayət işi başlanılıb. 

İcra nümayəndəsi Bağır Şirəliyev və müavini Rəşad Seyfullayev əhaliyə paylanması üçün nəzərdə tutulmuş ərzaq yardımını əksər hissəsini mənimsəməkdə ittiham olunur. Onlar yardımın bir hissəsini də öz qohumlarının adına rəsmiləşdirərək onlara paylayıblar. 

Lakin  imkansız ailələrin yardımı almamaları ilə bağlı şikayətindən sonra rayon prokurorluğunda araşdırma başlanılıb. İnzibati ərazi nümayəndəliyinə daxil olan Adanalı, Şiləvəngə və Abışabad kəndində apardıqları yoxlamalar zamanı B.Şirəliyevin  ayrılmış yardımın əksər hissəsini imkansız ailələrə çatdırmadığı məlum olub. Mənimsədiyi ərzaq məhsulları isə yaşadığı evdən maddi sübut kimi götürülüb.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun əmri ilə Bağır Şirəliyev və Rəşad Seyfullayev tutduğu vəzifədən azad olunub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

2020-05-01 / 15:31
Facebook