Prezident İlham Əliyev: Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur

Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur.

 Bunu Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışından sonra şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşündə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib:

"Bu gün Sumqayıt şəhərinin dayanıqlı qaz təchizatı işində çox əlamətdar bir gündür. Biz Sumqayıt şəhərinə yeni alternativ qaz xəttinin çəkilişini qeyd edirik. Bu münasibətlə bütün sumqayıtlıları təbrik etmək istəyirəm. Çünki bu, şəhəri dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır və eyni zamanda, şəhərin gələcək potensialını da nəzərə alır. Bu vaxta qədər Sumqayıt bir xətt üzərində qazla təmin edilirdi. Əlbəttə ki, Sumqayıtda son illərdə yaradılmış sənaye müəssisələri, sənaye klasterləri əlavə həcm tələb edirdi. Bunu nəzərə alaraq yeni qaz kəmərinin tikintisi zəruri idi. Qaz kəmərinin uzunluğu 60 kilometrdir. Bu, böyük bir inşaat layihəsi olubdur. Qısa müddət ərzində bu kəmər istifadəyə verilir və bu gün artıq fəaliyyətə başlayır.

Bu, birinci növbədə əhalini təbii qazla təmin etmək işində önəmli addımdır. Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100 faizdir. Əlbəttə ki, şəhərin bir xəttin üzərində qidalanması müəyyən problemlər yarada bilərdi, qəza nəticəsində müəyyən problemlər yarana bilərdi. İndi isə bu ikinci xətt həm artan tələbatı ödəyəcək, eyni zamanda, ikinci sığorta layihə kimi sumqayıtlıları təmin edəcəkdir.

O ki qaldı, şəhərin sənaye potensialına, son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilibdir. Sumqayıt Texnologiyalar Parkı uzun illərdir ki, fəaliyyət göstərir. Burada 10-dan çox zavod fəaliyyət göstərir. Ondan sonra Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır və sonra dövlət və özəl sektor orada investisiya qoymağa başlamışlar. Hazırda Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda, şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik.

Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır. Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq, üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində bəlkə də 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram, bütün məsələləri nəzarətdə saxlayıram.

Bu gün Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye şəhəridir. Vaxtilə Sumqayıt yaradılanda Sovet İttifaqının kimya sənayesinin mərkəzi kimi nəzərdə tutulurdu və bu funksiyanı yerinə yetirirdi. Ancaq sumqayıtlılar yaxşı bilirlər ki, ekoloji vəziyyətə çox böyük zərbə vurulmuşdu. Sumqayıt ekoloji fəlakət zonası idi və Sovet İttifaqı məkanında bəlkə də ekoloji baxımdan ən çirklənmiş şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biridir. Çünki burada yaradılmış bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir. Köhnə müəssisələr artıq bağlanıb, onların əraziləri yeni sənaye parklarının sərəncamına verilib. Bu gün Sumqayıtda təmiz hava artıq adi hala çevrilib. Halbuki Sumqayıtda yaşayan insanlar, xüsusilə yaşlı nəsil yaxşı xatırlayır ki, burada ekoloji vəziyyət çox ağır idi. Sumqayıtın yanından maşınla keçənlər də pəncərəni bağlayırdılar ki, o iylər onlara təsir etməsin. Biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq və sənaye potensialının artırılması bundan sonra da davam edəcək. Ona görə ikinci qaz xəttinin istifadəyə verilməsi həm bu günün tələbatını ödəyir, həm də bundan sonra inşa ediləcək, yaradılacaq müəssisələrin potensialını nəzərdə tutur.

Bizim planlarımız böyükdür. Sumqayıt inkişaf edir, əhali artır, sənaye potensialı möhkəmlənir. Sumqayıt doğrudan da bu bölgənin, regionun çox müasir sənaye şəhərlərindən biridir. Eyni zamanda, əlbəttə, şəhərin infrastrukturu yenilənir, şəhər abadlaşır, insanlar üçün gözəl imkanlar yaradılır. Təkcə Sumqayıt Bulvarını qeyd etmək kifayətdir, qısa müddət ərzində gözəl bir istirahət zonası yaradılmışdır. Bu gün Sumqayıt parklar, bağlar şəhəridir. Eyni zamanda, burada məskunlaşmış köçkünlər üçün də yeni layihələr icra edilir. Hazırda burada - yaxınlıqda məcburi köçkünlər üçün yeni şəhərcik salınır və orada üç mindən çox köçkün ailəsi yerləşdiriləcək. Beləliklə, Sumqayıt şəhərinin köçkün problemi böyük dərəcədə öz həllini tapacaq. Bu gün hələ də ağır vəziyyətdə yaşayan köçkünlər bilməlidirlər ki, növbə onlara da çatacaq. Biz hər bir köçkünü yerləşdirəcəyik, onlar üçün ən müasir şərait yaradılır. Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir.

Əlbəttə ki, bugünkü tədbirlər, - bu gün mən köçkünlər üçün tikilən şəhərciyə də baş çəkəcəyəm, - göstərir ki, bütün planlarımız yerindədir. Biz bu ili də planlaşdırdığımız kimi başa vuracağıq. Bütün aidiyyəti qurumlara göstərişlər verildi və bundan sonra xərclərimizi prioritet əsasında planlaşdıracağıq. Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaqdır.

Biz karantin rejimini nəzərə alaraq, bu günü Sumqayıt şəhərinin məhdud sayda nümayəndələri ilə qeyd edirik. Mən əminəm ki, biz şəhəri bundan sonra da birgə səylərlə inkişaf etdirəcəyik və daha da gözəl şərait yaradacağıq. Sizi və bütün sumqayıtlıları təbrik edirəm".

2020-04-24 / 20:32
Facebook