Soltan Məmmədov: Heydər Əliyev Fondu bu çətin günlərdə hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır

 

Heydər Əliyev Fondu bu çətin günlərdə hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır. Fondumuz öz sosial missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına dəstək göstərib.

Bunu Heydər Əliyev Fondunun Departament direktoru Soltan Məmmədov REACT-C19 layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə Fond Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir:

"Koronavirus epidemiyası ilə mübarizənin ilk günlərindən biz TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə başlamışıq. Bu istiqamətdə ölkədə laboratoriya sisteminin gücləndirilməsi üçün Bakı, Cəlilabad və Gəncə şəhərlərində Almaniya istehsalı olan 4, Sumqayıt və Şəki şəhərlərində 2 tam-avtomat laboratoriya qurulub istifadəyə verilib. Yüksək keyfiyyətli müayinələrin aparılması üçün Almaniya və İngiltərə istehsalı olan test kitləri təmin olunub".

S.Məmmədov bildirib ki, xəstəxanalarda çalışan tibb personalının təhlükəsizliyini təmin etmək məqsədilə maska, tibbi geyim, eynək, əlcək və digər qoruyucu vasitələr alınıb:

"Tibb müəssiələrinin maddi texniki bazasının gücləndirilməsi üçün süni nəfəs aparatları, tibbi monitorlar və hemofiltrasiya cihazları təmin olunub. Fondumuzun Prezidenti, hörmətli Mehriban xanımın tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı hazırlanıb və bu istiqamətdə mətbuat, ictimaiyyət və dövlət qurumları ilə əlaqələndirici iş aparılır. Koronavirusla mübarizədə həkimlərimizə dəstək məqsədilə digər ölkələrlə təcrübə mübadiləsi üçün virtual təlimlərin təşkili və bu gün də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə 3 ay müddətində bizim həkimlərlə birgə çalışacaq 20 nəfərdən ibarət müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət qrupun Azərbaycana səfərinin təşkil olunmasına dəstək göstərmişik. Heydər Əliyev Fondu tərəfindən eyni zamanda, ölkədə uğurla həyata keçirilən sosial siyasətə dəstək olaraq ehtiyacı olan ailələrə ərzaq dəstəyi göstərilir. Ölkədə fəaliyyət göstərən uşaq evləri, körpələr evi, internat məktəbləri, qocalar evi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tələb olunan profilaktik tədbirlər görülüb və lazımi qoruyucu vasitələr təmin olunub".

S.Məmmədov əlavə edib ki, səhiyyə sahəsində illər boyu əldə etdiyimiz təcrübə və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əldə etdiyimiz uğurlar bu gün bizə bu mübarizədə səhiyyəmizə lazım olan dəstəyi göstərməyə imkan yaradır:

"Fondun rəhbərliyinin dəstəyi ilə biz uzun illərdir ki, ÜST ilə sıx və uğurlu əməkdaşlıq edirik. Bu gün elan etdiyimiz bu layihə bir daha Heydər Əliyev Fondunun hər zaman səhiyyəmizlə birgə olduğunu sübut edir. Fondumuz bu çətin günlərdə 24 saat iş başında bütün səhiyyəmizə və hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır".

2020-04-16 / 17:16
Facebook